Rusiyadan neft və qaz alışını mərhələli şəkildə dayandıracağını açıqlayan Shell elandan bir ildən çox keçməsinə baxmayaraq, Rusiya ilə qaz ticarətini davam etdirir.

İqtisadiyyat.az xəbər verir ki, neft nəhəngi "Shell"in 2022-ci ilin martında Ukraynanın işğalı səbəbindən Rusiyadan qaz və neft alışını "mümkün qədər tez" dayandıracağını elan etməsindən bir ildən çox vaxt keçir, amma şirkət Rusiya qazı ilə ticarətini davam etdirir.

Global Witness-in təhlilinə görə, Böyük Britaniya-Hollandiya birgə müəssisəsi 2022-ci ildə Rusiyanın gəmi qaynaqlı qaz ixracının təxminən səkkizdə birini təşkil edib.

Ukrayna prezidenti Volodimir Zelenskinin müşaviri Oleq Ustenko "Shell"i “qan pulu” qəbul etməkdə günahlandırıb, şirkət isə ticarətin “uzunmüddətli müqavilə öhdəliklərinin” nəticəsi olduğunu və qanun və sanksiyaları pozmadığını bildirib.