Rusiyanın müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi Rusiya nümayəndə heyəti iyulun 25-27-də Şimali Koreyaya səfər edəcək. 

İqtisadiyyat.az bu barədə Kommersant.ru-a istinadən bildirir.

Nümayəndə heyəti Şimali Koreya Müdafiə Nazirliyinin dəvəti ilə “1950-1953-cü illər Vətən Azadlıq Müharibəsində Koreya xalqının qələbəsi” münasibətilə keçiriləcək tədbirlərdə iştirak edəcək. 

"Bu səfər Rusiya-Şimali Koreya hərbi əlaqələrinin möhkəmlənməsinə kömək edəcək və iki ölkə arasında əməkdaşlığın inkişafında mühüm mərhələ olacaq", - deyə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib. 

Qeyd edək ki, Sergey Şoyqu əvvəllər Şimali Koreyaya səfər etməyib.