Prezident İlham Əliyevin Serbiyaya səfərindən sonra iki ölkə arasında münasibətlər yeni inkişaf mərhələsinə yüksəlib. İmzalanan müqavilələrin və müzakirə edilən məsələlərin perspektivləri barədə hələ noyabrda prezident danışmışdı:

“Biz, əlbəttə ki, bu və digər məsələləri ölkələrimizin maraqlarının prizmasından təhlil edirik və bu gün ikitərəfli formatda bir çox beynəlxalq məsələlərə də toxunduq. Eyni zamanda, regional təhlükəsizlik məsələlərini müzakirə etdik. Mənim dostum Aleksandar dediyi kimi, energetika sahəsindəki əməkdaşlığı müzakirə etdik və bu gün bu müzakirələr davam edəcək. Təbii qaz, elektrik enerjisi sahələrində əməkdaşlıq üçün yeni imkanlar var. Azərbaycanın zəngin qaz resursları bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunu oynayır və bizim rolumuz getdikcə artacaq. Əlbəttə ki, ilk növbədə, biz dost olan ölkələrlə bu sahədə və bütün başqa sahələrdə əməkdaşlığı dərinləşdirmək fikrindəyik”.

Yeri gəlmişkən, Cənubi Qaz Dəhlizinin bir hissəsinə çevrilən  Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorundan mavi qaz ala biləcək ölkələrdən biri də məhz Serbiyadır. İGB-nin ötürmə qabiliyyətinin 3,5 milyard kubmetrdən 5,5 milyard kubmetrdək artırılması isə Macarıstan, Serbiya, Slovakiya, Ruminiya, Şimalı Makedoniya kimi ölkələrin də Azərbaycan qazını almasına imkan yarada bilər.

Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Məlahət İbrahimqızı deyir ki, Avropanın enerji təhlükəsizliyində artan rolunda Serbiya da adı var. Buna görə də Azərbaycanla Serbiya arasındakı danışıqlarda Serbiyanın enerji təminatında Azərbaycan tərəfdən təminat müxtəlif istiqamətlərdədir.

Millət vəkili deyir ki, “həm təbii qazla bağlı böyük təmənnaları var. Dost ölkənin prezidentnin dediyi kimi Bolqarısatndan inrterkonnektorun çəkilməsi məsələsi aktualdır. Azərbaycanın elektrik enerjisinə böyük ehtiyacı var. Hətta bir neə ay bundan əvvəl qardaş Türkiyənin prezidenti  Sebiyada olarkən Vuçiç Ərdoğandan şəxsən xahiş etdi ki, Azərbaycandan elektrik enerjisinin ötürülməsinə Türkiyə də bunda tranzit ölkə kimi iştirak etsin”.

Bu məsələnin davamı olaraq xatırladaq ki, bu yaxınlarda Serbiya Prezidenti Aleksandr Vuçiç Avropa İttifaqı (Aİ) ilə ünvanlı maliyyə yardımı haqqında sazişlərin imzalanmasından sonra demişdi ki, Serbiya hər ay qaz idxalına 200 milyon avro və elektrik enerjisi alınmasına 100 milyon avroya qədər vəsait xərcləyir. Bunun üçün şaxələndirməyə ehtiyac var.

“Yalnız elektrik enerjisinin idxalı üçün noyabrda 42 milyon avro xərcləmişik. Dekabrda bu məbləğin 90 milyon avrodan 100 milyon avroya qədər olması gözlənilir. Serbiya tədarükün şaxələndirilməsi çərçivəsində Bolqarıstanla sərhəddə qaz kəməri inşa edir və bu kəmər vasitəsilə Azərbaycandan qaz və Yunanıstandan mayeləşdirilmiş təbii qaz (LNG) idxalına başlayacaq”.-deyə Serbiya prezidenti fikirlərinə əlavə edib.

Azərbaycandan ixrac olunacaq enerjinin daha bir istiqaməti elektrik enerjisi və ya yaşıl enerjidir. Bilirik ki, Macarıstan Qara dənizin dibi ilə Azərbaycandan elektrik enerjisi idxalını planlaşdırmaq qərarına gəlib və bu məsələyə Prezident İlham Əliyevin noyabrın 23-də Serbiyaya rəsmi səfəri çərçivəsində xüsusi diqqət yetirilib. Çünki Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirən böyük bir Avropa layihəsinə Serbiya da qoşula bilər. Ölkənin paylayıcı şəbəkəsinin Rumıniya və Macarıstanın paylayıcı şəbəkəsinə uğurla qoşulması mümkündür.

Ekspert Elşad Məmmədov bildirir ki, “biz yüksək əlavə dəyər tutumlu Azərbaycan məhsulunun Serbiyaya ixracından danışmalıyıq ki, elektrik enerjisi ixracı nöqteyi nəzərindən bunun təmin edilməsi mümkündür və Serbiya da bu istiqamətdə bizim ən perspektivli tərəfdaşlarımızdandır”.

Azərbaycandan Serbiyaya həm elektrik enerjisi, həm də qaz ixracı ölkəmizin Mərkəzi və Şərqi Avropanin enerji təhlükəsizliyinin formalaşmasındakı rolunun artdığlnı göstərir. Artıq Şərqi Avropadakı Azərbaycanın enerji layihələrinə qoşulan ölkələrin artması bunu sübut edir.

Azərbaycanla Serbiya arasında 2021-ci ildə ticarət dövriyyəsinin həcmi 9,23 milyon dollar, o cümlədən idxalın həcmi 8,04 milyon, ixracın həcmi isə 1,19 milyon ABŞ dolları təşkil edib. 2022-ci ildə isə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 9,84 milyon dollar, o cümlədən idxalın həcmi 8,10 milyon dollar, ixracın həcmi 1,74 milyon dollar təşkil edib.

2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2022-ci ilin yanvar-oktyabr aylarında Serbiya ilə ticarət dövriyyəsi 27,51 faiz artıb.

Samir Cabbarov