"Samsung" aşağı seqmentə daxil olan müştərilər üçün "Android Go" əməliyyat sistemi ilə çalışan "Galaxy A2 Core" modelini tanıdacaq.

İqtisadiyyat.az xarici KİV-ə istinadən xəbər verir ki, smartfonun 76 dollar (68 avro) qiyməti ilə satışa çıxarılacağı iddia edilir. Bu isə "Samsung"un "Android Go" sistemi ilə çalışan "Galaxy J2 Core" modelindən daha ucuzdur.

Qeyd edək ki, plastik gövdəyə sahib olan smartfon 5 düym böyüklüyündə ekrana və 1.6 GHz sürətlə çalışan səkkiz nüvəli Exynos 7870 prosessora malik olacaq. "Galaxy A2 Core" 1 GB RAM və 16 GB daxili saxlama yaddaşı ilə təqdim ediləcək.

Cihazın hər iki tərəfində 5 Megapiksel kamera yerləşdiriləcək və 2600 mAh batareyaya sahib olacaq. Bazara təqdim olunma tarixi açıqlanmayan "Galaxy A2 Core" qırmızı, mavi və boz rəng seçimləri ilə təklif olunacaq.