Qərb blokunun Rusiyadan ixrac edilən ərzaq və gübrə məhsullarına tətbiq etdiyi sanksiyalardan əl çəkəcəyi təqdirdə, Moskva Qara Dəniz Taxıl Dəhlizi Sazişinə qayıdacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bəyanatda paket sazişlərin qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsi, aclıq təhlükəsinin azaldılması, Asiya, Afrika və Latın Amerikasının inkişaf etməmiş ölkələrinə yardım kimi humanitar məqsədlər daşıdığı xatırladılıb. 

Həmçinin bildirilib ki, taxıl təşəbbüsü ilə indiyədək 32,8 milyon ton yükün ixrac edilib, bunun 26,3 milyon tondan çoxu orta gəlirli, o cümlədən Avropa İttifaqı (Aİ) səviyyəsindəki ölkələrə göndərilib.

Açıqlamada, ən kasıb ölkələrə, xüsusilə Efiopiya, Yəmən, Əfqanıstan, Sudan və Somaliyə cəmi 922 min 92 ton taxıl göndərildiyi qeyd edilib.