"Moskva Seula Koreya Xalq Demokratik Respublikası (KXDR) sərhədləri yaxınlığında keçirilən hərbi təlimləri dayandırmağı tövsiyə edir, çünki bu hərəkətlərə görə Koreya yarımadasında silahlı eskalasiya riskləri artır".

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

"Cənubi Koreya rəhbərliyinin nümayəndələri açıq şəkildə Pxenyanı "dünya şəri" adlandırırlar və bununla da Şimalın ləğvi və onun ərazisinin mənimsənilməsi istiqamətindəki kursun dəyişməzliyini təsdiqləyirlər. Bu planlar praktikada, o cümlədən Cənubi Koreyanın özü üçün fəlakətli nəticələrlə doludur", - deyə o bildirib.  

Zaxarova deyib ki, onların məsləhəti ehtiyatsız hərbi təlimləri dayandırmaq, gərginliyin azaldılması yolunu tutmaq və qarşılıqlı etimad yaratmaqdır ki, bu da əsas şərtdir. Diplomata görə, Koreya yarımadasının problemləri sülh yolu ilə həll edilməlidir. 

"Təəssüf ki, bu gün subregionda vəziyyətin düşdüyü çıxılmaz vəziyyətdən çıxmaq üçün perspektivlər, təəssüf ki, görünmür, əksinə, hərbi eskalasiya riskləri artır", - diplomat əlavə edib.