"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin sonuncu - VI turunda "Hekken"ə (İsveç) qarşı keçirəcəkləri oyundan əvvəl jurnalistlərin suallarını cavablandırdı.

İqtisadiyyat.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi.

- Son oyunumuza çıxacağıq. Bizim üçün vacib görüşdür. Futbolçularım demək olar, tam hazırdır. Yaxşı hazırlıq keçiblər. Rəqibin də açıqlamalırndan görürük ki, oyuna ciddi yanaşır və turniri xalsız tərk etmək istəmirlər. Qarşımızda istəkli rəqib olacaq. İnanıram ki, psixoloji və taktiki cəhətdən futbolçularım oyuna hazır olacaqlar. Ən düzgün və ən ağıllı oyunlarını oynamağa cəhd edəcəklər. Futbolçularıma güvənirəm. Xırda detallar var, onları da bu gün danışacağıq.

- Kevin Medina sabah meydanda olmayacaq. Onun yoxluğu sizi nə dərəcə narahat edir?

- Çox istərdim ki, bu oyunda hamı iştirak etsin, sağlam olsun. Qrup ikincisi olmaq üçün şansımız varsa, hər oyunçu belə oyunda olmağı haqq edir. Əfsuslar olsun ki, Medina nəinki oyunda, heç Bakıda olmayacaq. Finlandiyada əməliyyat olunub. Onunla görüntülü danışdım və dedi ki, yanınızdayam. Biz də belə hiss edirik. Əsas futbolçularımızdan biridir. Meydanda olmağını istərdik. Bu gün indi bunu yox, oyunu düşünməliyik. Problemimiz varsa, aradan qaldırmalıyıq. İnanıram ki, digər oyunçular bunu bacaracaqlar. Dəfələrlə şahid olmuşuq ki, əsas oyunçularımız meydanda olmasa da, digər futbolçular onları sığortalaya biliblər. Medinaya tez qayıtmasını arzu edirik. 

- Veşoviçin son durumu nə yerdədir?

- Veşoviçin durumu normaldır. Bu gün və sabah məşqimiz var. Hər şey qaydasında olsa, meydanda olacaq.

- Yağışlı oyunlarda stadionda ot örtüyü ilə bağlı problemlər olur. İndi vəziyyət necədir?

- Yaxşıdır, hər şey qaydasındadır. Burada nadir hallarda güclü yağışlar olur. Bilirsiniz, bir az əvvəl meydançada dəyişikliklər olub. Gələndə baxdım, hər şey qaydasındadır. Yaxşı futbol göstərəsi meydançadır. 

- Sabah futbolumuzda yeni tarix yazıla bilər. Oyunöncəsi hansı hissləri keçirirsiz?

- Belə situasiya ilk dəfə deyil. Son saniyələrdə şansımızı əldən verdiyimiz oyunlar olub. İndi də yaxşı şans var. Futbolçularla danışıram və həddindən artıq istəkliyik. Narahat olduğum məqam bunlar olub. Tələb deyil, istəkdir. Həddindən artıq soyuqqanlı olmalıyıq. Maksimum çalışmalıyıq ki, səhvlər az olsun. Rəqibə qarşı düzgün oyun qurmağı düşünməliyik. Əlbəttə, bunlar yerinə yetirilsə, uğur da olar. Narahat olduğum məqam budur. Şansımızdan istifadə etməyə çalışacağıq. İstəyirik ki, minimum nəticələrimizi qoruyaq və irəli gedək. İnanıram ki, sabah futbolçular ən düzgün oyunlarını oynayacaqlar.