Türkiyənin Çorum vilayətinin Kargı rayonunda evindən çıxıb qonşuya getmək istəyən yaşlı qadın sahibsiz itlərin hücumuna məruz qalıb.

İqtisadiyyat.Az “İxlas” xəbər agentliyinə istinadən xəbər verir ki, axşam saatlarında qonşuya getmək üçün evdən çıxan Ruhiyyə Gedikə məhəllədəki 4 küçə iti hücum edib. Küçə itləri özünü qorumaq üçün yerə yıxılan qadını qol və ayaq nahiyələrindən dəfələrlə dişləyib. Qonşular yaşlı qadının səsinə küçəyə çıxaraq, onu itlərin əlindən ala biliblər. Hadisədən dərhal sonra xəstəxanaya aparılan yaşlı qadının qol və ayaq hissələrində çoxlu zədələr və göyərmələr meydana gəlib. Kargı Dövlət Xəstəxanasına aparılan qadın ilkin tibbi yardımdan sonra evə buraxılıb.

Bundan əlavə, Manisanın Sarıxanlı rayonunda qoyun və keçilərin olduğu tövləyə girən 30 sahibsiz it 45 heyvanı tələf edib. Təxminən 60 min lirə(17.647 manat) dəyərində zərər dəydiyini söyləyən sahibkar Mehmet Alat, ətraf ərazilərdə bələdiyyələr tərəfindən nəzarət olunmayan 500 küçə itinin olduğunu və buna bir çarə tapılmasının gərək olduğunu bildirib.