Qlobal istiləşmə 2035-ci ilə qədər hər il ərzaq inflyasiyasını 3%, əsas inflyasiyanı isə 1%-dən çox artıra bilər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa Mərkəzi Bankı (ECB) və Potsdam İqlim Təsiri Tədqiqatları İnstitutu iqlim dəyişikliyinin makroiqtisadi təsirlərini araşdırıblar.

Bu araşdırma qlobal istiləşmə ilə inflyasiya arasındakı əlaqəni ortaya çıxarıb. Bildirilib ki, qlobal istiləşmənin inflyasiyaya təsirli keçən il Avropada baş verən isti havalardan sonra iqtisadçıların diqqətini daha çox çəkməyə başlayıb. Belə ki, Avropada 2022-ci ildə hökm sürən isti havalar səbəbilə kənd təsərrüfatı istehsalında azalma olduğu və bunun da ərzaq qiymətlərini artırdığı məlum olub.

"Biz son 30 ildə 121 müxtəlif ölkədə iqlim və inflyasiyadakı dəyişiklikləri araşdırdıq. Və müəyyən etdik ki, iqlim dəyişikliyinin artan təsirləri inflyasiyanı və xüsusilə ərzaq inflyasiyasını yüksəldib. Məsələn, keçən il Avropada müşahidə edilən həddindən artıq isti dalğalar inflyasiyaya 0,7 faiz bəndi təsir edib. Təbii ki, inflyasiyanın yüksəlməsi təkcə iqlim dəyişikliyi ilə bağlı deyildi. COVID-19 pandemiyası və Ukrayna müharibəsi kimi amillər də inflyasiyanın artmasına səbəb olub. Lakin, qlobal istiləşmə gücləndikcə onun inflyasiyaya təsiri də artır”, - məlumatda deyilir.