Klubların növbəti reytinq siyahısı açıqlanıb. İqtisadiyyat.az-ın “Opta”nın rəsmi saytına istinadən məlumatına görə, Azərbaycan Premyer Liqasında çıxış edən komandaların mövqeləri də müəyyənləşib.

Ən yaxşı göstərici yenə “Qarabağ”a məxsusdur. Ağdam təmsilçisi 84,6 xalla cədvəlin 72-ci pilləsində qərarlaşıb. Premyer Liqanın lideri ilk “100-lük”də olan yeganə Azərbaycan təmsilçisidir.

Çempionatın iddialı komandaları “Neftçi” və “Sabah” üçüncü “100-lük”də özlərinə yer tapa biliblər. Premyer Liqanın turnir cədvəlindəki mövqelərdən fərqli olaraq, burada “ağ-qaralar” “Sabah”ı qabaqlayır. “Neftçi” 77,7 xalla 239-cu yerdədirsə, Murad Musayevin kollektivi 295-ci (76,2) sıradadır.

O ki qaldı digər klublarımıza “Qəbələ” (72,0) 644-cü, “Zirə” (71,9) 651-ci yerdədir. Digər komandalarımız ikinci “1000-lik”dədirlər. “Turan Tovuz” (68,3) 1120-ci, “Şamaxı” (66,2) 1474-cü, “Kəpəz” (66,1) 1490-cı, “Sumqayıt” (65,6) 1574-cü, “Səbail” (64,5) isə 1811-ci pillədədir.

Qeyd edək ki, 13 min 660 klubun yer aldığı reytinqə 100 xalla “Bayern” və “Mançester Siti” şərikli başçılıq edir.