Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə ilk dəfə səs verən seçicilər üçün xüsusi seçici kartları hazırlanıb. 

İqtisadiyyat.az "Seçki 2024" Müstəqil Media Mərkəzinə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədr müavini Rövzət Qasımov məlumat verib.  

O bildirib ki, ilk dəfə səs verən seçicilərdən 374-ü sentyabrın 1-də doğum gününü qeyd edəcək: "Onlara da xüsusi təbrik kartları veriləcək". 

MSK sədri Məzahir Pənahov həmin kartlara MSK-nın xüsusi möhürünun vurulması təklifini irəli sürüb.

"Bu, doğum günü kartlarının MSK-dan verildiyini xüsusiləşdirə bilər", - deyə o, əlavə edib.