Sentyabrın 1-nə təyin olunan Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər 118 saylı Ağdam-Xocalı seçki dairəsində 73 məntəqədə keçiriləcək. Məntəqələrin yeddisi işğaldan azad olunmuş ərazilərdə yerləşir. Növbədənkənar parlament seçkiləri ilə bağlı Ağdam və Xocalı rayonlarının hər birində bir yeni məntəqə yaradılıb.

İqtisadiyyat.az "Seçki 2024" Müstəqil Media Mərkəzinə istinadən xəbər verir ki, işğaldan azad olunmuş ərazilərdəki məntəqələrin dördü Ağdam, 3-ü isə Xocalı rayonu ərazisindədir.

Belə ki, 48 saylı məntəqə Ağdam şəhəri Konfrans mərkəzində, 49 saylı məntəqə “Azərenerji” ASC-nin binasında, 50 saylı məntəqə Kəngərli kəndində, 51 saylı məntəqə Xıdırlı kəndində, 71 saylı məntəqə Xocalı rayonu Təzəbinə kəndində, 72 saylı məntəqə Əsgəran qəsəbəsində, 73 saylı məntəqə Xocalı şəhərində təşkil edilib. Bu ilin may ayında Xocalıya qayıtmış sakinlər 32 ildən sonra ilk dəfə olaraq doğma yurdlarında səs verəcəklər.

Dairənin tərkibinə daxil olan 73 məntəqə üzrə 61 min 474 seçici qeydə alınıb ki, onlardan 463 nəfəri ilk dəfə olaraq seçki hüququndan istifadə edəcək gənclərdir. Seçicilərin 808 nəfəri 80-100 yaş arasında, 1 seçicinin yaşı isə 100-dən yuxarıdır.

Dairə və məntəqə seçki komissiyalarında sentyabrın 1-də keçiriləcək parlament seçkilərinə hazırlıq işləri başa çatıb və bütün seçki məntəqələri səsverməyə hazır vəziyyətə gətirilib. Dairə üzrə 8 namizəd deputatlıq uğrunda mübarizə aparır, 1263 nəfər müşahidəçi qeydiyyatdan keçib.