Avqustun 30-da Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Milli Məclisə seçkiləri izləmək üçün ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) müşahidə missiyasının rəhbəri Ladjal Tarek Abd Salamın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

“Seçki 2024” Müstəqil Media Mərkəzi xəbər verir ki, MSK sədri M.Pənahov İƏT müşahidə missiyasının parlament seçkilərini izləyəcəyindən məmnunluğunu ifadə edib.

M.Pənahov seçkiləri izləyəcək yerli və beynəlxalq müşahidəçilər barədə məlumat verib, səsvermənin şəffaflığının təmin edilməsi üçün 1000 məntəqədə veb-kameranın quraşdırıldığını deyib.

Komissiya sədri ölkədəki siyasi partiyaların və vətəndaş cəmiyyəti institutlarının seçkilərin müşahidəsində xüsusilə fəallıq göstərdiyini vurğulayıb.

Məzahir Pənahov, həmçinin Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar “exit-poll” keçirmək üçün üç təşkilatın müraciət etdiyini bildirib, media nümayəndələrinin müstəqil fəaliyyət göstərdiklərini və seçki prosesini şəffaf şəkildə işıqlandırdıqlarını qonağın diqqətinə çatdırıb.

Milli Məclisə seçkilərin ilk dəfə Azərbaycanın bütün suveren ərazilərində keçiriləcəyi və seçki iştirakçılarına hərtərəfli şəraitin yaradıldığı bildirilib.

MSK sədri qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə səsvermə hüququna malik 42 mindən artıq seçicinin öz konstitusion hüquqlarını reallaşdırmaları üçün 54 seçki məntəqəsi yaradılıb. Bildirib ki, Milli Məclisə seçkilərdə 990 namizəd mübarizə aparır və onların seçkiqabağı təşviqatı üçün qanunvericiliyin tələblərinə uyğun bütün imkanlar təmin olunub.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) müşahidə missiyasının rəhbəri Ladjal Tarek Abd Salam Milli Məclisə seçkilərin müşahidəsində iştirak etməkdən məmnun olduqlarını diqqətə çatdıraraq, prosesləri fəal şəkildə izləyəcəklərini bildirib. Deyib ki, ölkədə aktiv seçki mühitinin olduğunu müşahidə ediblər. O, seçki prosesinin dinc şəraitdə və təhlükəsiz şəraitdə keçəcəyindən əminliyini ifadə edib.

Görüş çərçivəsində, həmçinin seçkilərlə bağlı müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.