Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın ümumi ixracı 24,4 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,6% artaraq 2,2 milyard ABŞ dolları təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”da bildirilir.

Hesabat dövründə yeyinti məhsulları üzrə ixrac 571,4 milyon ABŞ dollarına bərabər olub.

Cari ilin ilk 8 ayı ərzində elektrik enerjisi 3,9 dəfə, spirtli və spirtsiz içkilərin ixracı 3,8 dəfə, qara metal məmulatlarının ixracı 36,6%, şəkər ixracı 17,9%, meyvə-tərəvəz ixracı isə 7,4% artıb.

2023-cü ilin yanvar-avqust ayları ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 10,4% artaraq 593,9 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft/qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,8% artaraq 132,6 milyon ABŞ dolları təşkil edib.

Bu dövrdə ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (315 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (124,3 milyon ABŞ dolları) ikinci, pambıq mahlıcı (83,4 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

2023-cü ilin yanvar-avqust ayları ərzində Rusiya Federasiyasına 721,5 milyon ABŞ dolları, Türkiyəyə 586,6 milyon ABŞ dolları, Gürcüstana 219,1 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 86,4 milyon ABŞ dolları, Qazaxıstana isə 72,4 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.