Çinin Uhan vilayətində meydana gələn və 80-dən artıq ölkəyə yayılan koronavirusundan ölənlərin sayı artıq 3 mini ötüb.

Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, virusa görə karantinə götürülənlərin sayı isə 100 min nəfərdən çoxdur. Avropada yoluxma hallarının ən çox müşahidə olunduğu İtaliyada ölənlərin sayı son 24 saat ərzində 197 nəfərə çatıb. Fransada isə 9 nəfər dünyasını dəyişib ki, bunlardan biri də Türkiyə vətəndaşıdır. Virusun meydana çıxdığı Çində artıq 3042 nəfər dünyasını dəyişib, 80 min 573 nəfər isə karantinə götürülüb.

Digər tərəfdən ölkədə virusdan sağalanların sayı isə 53 min 888 nəfərdir. Cənubi Koreyada virusa yoluxanların sayı 6593, ölənlərin sayı isə 42-dir. ABŞ-da da virusdan 14 nəfər dünyasını dəyişib. 267 nəfər isə yoluxma halına görə karantində saxlanılır. 15 min 981 nəfərin karantində saxlanıldığı İranda isə 124 nəfər dünyasını dəyişib. Karantində saxlanılanlardan 4 min 747 nəfərin isə artıq bu virusa yoluxduğu təsdiqlənib. İraqda virusdan ölənlərin sayı dünən 4 nəfər çatıb. Ümumilikdə ölkədə 49 nəfərdə koronavirusun əlamətləri aşkarlanıb. 578 yoluxma halının qeydə alındığı Almaniyada hələ ki, bu virusdan dünyasını dəyişən yoxdur. 130 yoluxma halının qeydə alındığı Sinqapurda da vəziyyət eynidir. Bundan əlavə Fələstində 16, Livanda 22, İsraildə 19, Misirdə15, Birləşmiş Ərəb Əmirliklərində 15, Qatarda isə 11 nəfərdə koronavirusun olduğu artıq təsdiqini tapıb. Sadalanan ölkələrin heç birində virusa görə ölüm hadisəsi baş verməyib. Kolumbiya və Kosta-Rikanın hökumət nümayəndələri də, bu ölkələrdə ilk yoluxma hallarının təsdiqləndiyini açıqlayıblar.

Qeyd edək ki, dünən İran İslam Respublikasından qayıdan Azərbaycan Respublikasının üç vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb və bununla da ölkəmizdə bu virusa yoluxanların sayı 9 nəfərə çatıb.