Almaniya Hərbi Hava Qüvvələrinin ev sahibliyi etdiyi və NATO tarixinin ən böyük hava təlimi olaraq xarakterizə edilən "Hava Müdafiəçisi 2023" təlimi başlayıb.

Alman Xəbər Agentliyinin xəbərinə görə, təlim Almaniya Hərbi Hava Qüvvələrinə məxsus "A400M" tipli nəqliyyat təyyarəsinin Aşağı Saksoniyadakı Wunstorf Hava Bazasından havaya qalxması ilə start götürüb.

Daha sonra Şlezviq-Hosteyn əyalətindəki Fligerhorst Hohn aviabazasından Almaniya Hərbi Hava Qüvvələrinə məxsus F-18 havaya qalxıb. Təlimin ilk saatlarında mülki uçuşlara təsir edilməyib.

Almaniya Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant İnqo Gerhartz ARD ictimai yayımı ilə əlaqəli RBB radiosuna bildirib ki, təlim ilk növbədə NATO-nun müdafiə qabiliyyətini sübut etməkdən ibarətdir.

Qeyd edək ki, təlim zamanı Almaniya Hərbi Hava Qüvvələrinin bütün bazalarından istifadə olunacaq. İyunun 23-dək davam edəcək təlimdə Türkiyə də daxil olmaqla 25 ölkədən 250 döyüş təyyarəsi və təxminən 10 min personal iştirak edir.