ABŞ-ın ən böyük kredit kartı şirkətlərindən biri olan "Capital One" nın 106 milyon müştərisinin şəxsi məlumatları oğurlanıb.
 
Amerikalı bank və maliyyə şirkəti  ABŞ və Kanadadakı cəmi 106 milyon müştərisinin şəxsi məlumatlarının oğurlandığını açıqlayıb. 
 
Dünən nəzarətə alınan 33 yaşlı xakerin müştərilərin adları, ünvanları, telefon nömrələri, sosial təhlükəsizlik məlumatları, kredit hesabları və kredit kartı limitləri kimi məlumatlarını oğurladığı, ancaq kredit kartı nömrələrini ələ keçirə bilmədiyi açıqlanıb.
 
Şirkətin verdiyi açıqlamada ABŞ-da 140 min nəfərin sosial təhlükəsizlik nömrələri və bunlara bağlı 80 min bank hesabı nömrəsinin da oğurlandığı qeyd olunub. Kanadada isə 1 milyon müştərinin sosial təhlükəsizlik nömrələrinin ələ keçirildiyi qeyd edilib.
 
Şirkət həmçinin oğurlanmış məlumatların oğurluq üçün istifadə edilmiş olmasına ehtimal vermədiyini, ancaq araşdırmalara davam ediləcəyini açıqlayıb. Şirkətin idarə heyətinin sədri Riçard Ferbank yazılı açıqlamasında "Xakerin yaxalandığı üçün minnətdaram və baş verənlərə görə çox üzülürəm. Müştərilərimizin narahatlığını anlayır və onlardan üzr istəyirəm" deyib.(moderator.az)