Belarus xüsusi xidmət orqanlarının keçmiş əməkdaşları Lukaşenkoya qarşı silahlı qiyam hazırlayır. 

Bu barədə İqtisadiyyat.az “The Sunday Times” nəşrinə istinadən xəbər verir. 

Xəbərdə qeyd olunur ki, BYPOL təşkilatı (Belarus Təhlükəsizlik Qüvvələri Assosiasiyası) Belarusdan qaçan yüzlərlə vətəndaşa Polşanın Poznan şəhərində xüsusi təlim keçir. Sözügedən təşkilat bir müddət əvvəl Rusiya Aerokosmik Qüvvələrinin A-50 təyyarəsinə qarşı Belarusun Maçulişçi aerodromunda partizan hücumu təşkil edilməsinin məsuliyyətini öz üzərinə götürmüşdü. 

Təşkilatın iki üzvünün məlumatına görə, Belarusdan qaçan yüzlərlə vətəndaşa Poznanda xüsusi təlim keçirilir. Onlar 2020-ci il prezident seçkilərindən və müxalifətin təşkil etdiyi kütləvi etirazlardan sonra ölkəni tərk etməyə məcbur olublar. Açıqlamada qeyd olunur ki, məqsəd silahlı üsyan qaldıraraq hökuməti devirməkdir. Bunun nə vaxt baş verəcəyi isə məlum deyil.  

Qeyd edək ki, bir müddət əvvəl Belarus prezidenti Lukaşenko bəzi qüvvələrin onun hökumətini devirmək və bu məqsədlə silahlı təlim keçmək planlarından xəbərdar olduğunu bildirmişdi.