"Livan hökuməti cənub sərhədində sakitliyin bərpasına sadiqdir və İsraildən bütün təcavüzkar təxribatları dayandırmağı tələb edir". 

İqtisadiyyat.az xəbər verir ki, bunu respublikanın Baş naziri Nəcib Mikati Beyrutda Fransanın xarici işlər naziri Ketrin Kolonna ilə görüşündə deyib.

"Livan İsrail sərhədində atəşkəs yaradan BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini yerinə yetirməyə sadiqdir. Biz İsraildən bu sənədin ruhuna əməl etməyi tələb edirik", - Baş nazir bildirib.

Öz növbəsində, regional səfəri çərçivəsində Beyruta gələn Fransanın xarici işlər naziri sərhəddə hər iki tərəfdə gərginliyin azaldılması və daimi təhlükəsizliyin əldə edilməsi üçün əsas olacaq həll mexanizminin tapılmasının zəruriliyinə işarə edib.