"Litva Ukraynanın nəzarətində olan ərazilərin minalardan təmizlənməsi üzrə beynəlxalq koalisiyaya 15 milyon avro ayıracaq"

İqtisadiyyat.az xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin müdafiə naziri Arvydas Anusauskas məlumat verib.

"Bu strukturun yaradılmasının təşəbbüskarı olan və ona rəhbərlik edən ölkə kimi Litva 15 milyon avro dəyərində avadanlıq alacaq. Ümid edirik ki, digər ölkələr də öz maliyyə töhfələri və təlimatçıların iştirakı ilə bu fəaliyyətdə iştirak edəcəklər", - nazir qeyd edib.

Nazir hesab edir ki, bu struktur Kiyevi silah təchizatı ilə dəstəkləməyən ölkələr üçün yardım platforması ola bilər: "Onlar humanitar minatəmizləmə işində iştirak edə bilərlər".

Qeyd edək ki, beynəlxalq koalisiyaya 16 ölkə daxildir. Onun yaradılması 2023-cü il iyulun 18-də Ramşteyn formatında Ukraynaya təhlükəsizlik və dəstək üzrə uzaqdan keçirilən görüşün nəticəsində mümkün olub. Koalisiyanın cəbhə xəttində və ya döyüş bölgəsində ərazilərin minalardan təmizlənməsində iştirak etmək planları yoxdur.