Hazırda əmək məcəlləsinə növbəti geniş dəyişikliklər planlaşdırılır. Bugünə kimi isə əmək qanunvericiliyinə 79 qanun, 5 dəfə Konstitusiya məhkəməsinin qərarı ilə 300-dən çox dəyişiklik edilib. Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədovun fikrincə, əmək məcəlləsinin tez-tez dəyişikliyə məruz qalması onun bir tənzimləyici rolunu azaldıb. Ekspert İqtisadiyyat.Az-a verdiyi açıqlamada, hər hansı dəyişiklik edilməsinin deyil, ümumiyyətlə yeni əmək məcəlləsinin yaradılmasının tərəfdarı olduğunu bildirib.

“Əmək məcəlləsi funksionallığını itirib. Çünki ona 79 qanun, 5 dəfə Konstitusiya məhkəməsinin qərarı ilə 300-dən artıq dəyişiklik edilib. Öz mətnindən də çox dəyişiklik olub. Növbəti dəyişikliklərin həcmi isə 80 səhifə təşkil edir. Belə məcəllə ilə işləmək artıq mümkün deyil. Üstəgəl elektron informasiya sistemi ilə məcəllənin arasında xeyli ziddiyyət var. Hər növbəti dəyişiklik əmək məcəlləsini bir qədər də mürəkkəbləşdirir, tətbiqini çətinləşdirir. Problem odur ki, heç əvvəl də təkmil olmayan, əhalinin maraqlarına toxunan bir qanunvericilik bu qədər dəyişiklikdən sonra, elə vəziyyətə düşüb ki, əmək münasibətlərini tənzimləməyə mane olur. Düşünürəm ki, yeni əmək məcəlləsi yaradılmalıdır. Mən onu ƏƏSMN-ə yox, başqa orqanlara təqdim edəcəm. Hansı ki, orada onu qiymətləndirə bilirlər. Çalışacağıq ki, il ərzində araşdırma sənədi hazırlayaq və onu hissə-hissə aidiyyatı qurumlara təqdim edək”.

Mehman Nəbiyev