"Bakıda sərnişindaşımanın əsas ağırlığı metro və avtobusların üzərinə düşür".

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib.

O, ictimai nəqliyyatda sərnişin sıxlığının artmasının səbəblərindən də danışıb. Ekspert deyib ki, bu, təkcə taksilərin qiymətinin qalxması ilə deyil, həmçinin digər səbəblərlə də bağlıdır:

"Bir zamanlar tramvay və trolleybusların yığışdırılması marşrut avtobuslarına tələbatı artırdı. İndi isə alternativ olaraq müəyyən işlər görülür. Bunlara Bakı-Sumqayıt arasında elektrik qatarlarının hərəkətə gətirilməsini, həmçinin bu istiqamət üzrə əlavə qatarların istifadəyə verilməsini qeyd edə bilərik. Bu qatarların sərnişinlərin istifadəsinə verilməsi avtobusların yükünü qismən də olsa yüngülləşdirdi. Amma taksilərin, belə demək mümkündürsə, nəzarətə götürülməsi və onların iş proseslərinin daha da təkmilləşdirilməsi üçün bu sahədə aparılan islahatlar zəif bənd kimi özünü ictimai nəqliyyatlarda müəyyən problemlərin ortaya çıxması ilə göstərir”.

İctimai nəqliyyata kifayət qədər investisiyanın qoyulduğunu, yeni, müasir avtobusların gətirildiyini deyən ekspert bildirib ki, bununla yanaşı, bu sahə üzrə fəaliyyət göstərən sahibkarlara da avtobuslarını yeniləyə bilməsi və bu kimi digər məsələlər üçün müəyyən güzəştlər tətbiq olunur: "Lakin buna baxmayaraq hələ də ictimai nəqliyyatdan narazılıqlar tam olaraq öz həllini tapmayıb. Sadəcə işi daha profilaktik və təşkilati səviyyədə görmək lazımdır. Burada əsas məsələ təkcə şəhərdaxili daşınmadan getmir, həmçinin şəhərətrafı qəsəbələrdə və mərkəzə daha yaxın olan yaşayış massivləri və məntəqələrindən gedir. İnsan sıxlığı, yüklənmələr də elə məhz bu hərəkət istiqamətləri üzrə daha çox olur".

 

Sadiq Cavadov