Çini cənginə almış koronavirusun dünya birjalarına mənfi təsiri günü-gündən artmaqdadır. Belə ki, son günlərdə aparıcı dünya fond birjalarının indekslərı 3.5 -4%-ə qədər enib. Lakin virusun qarşısının alınması istiqamətində müsbət yeniliklərin olmadığı halda belə, Amerika və Avropa fond birjasının indeksləri son 2 iş günü ərzində 1 – 1.5% qalxaraq, sabitləşib.  Asiyanın fond birjalarının indeksləri, xüsusi ilə də Honkonq-un "Hang Seng" fond birjası 4 günlük bayramdan sonra 3%-ə qədər enib. Çinin dünya iqdisadiyyatının aparıcı lokomotivlərdən biri olması “brent” markalı neftin dəyərinin 10%-ə qədər düşməsinə gətirib çıxarıb.

İqtisadiyyat.az saytına danışan Maliyyə və investisiya üzrə ekspert Rəşad Hacıyev bildirib ki, dünya iqtisadiyyatı bir neçə gün ərzində məlum səbəblə tənəzüllə uğraya bilməz: “Bu bir proses olaraq, əsaslı səbəblər və zaman tələb edir. Son günlərdə isə dünya birjalarında müşahidə olunan gərginlik bazarların qeyri-müəyyənliyə ilkin “emosional” reaksiyasıdır. Hələki, heç bir fundamental faktor dünya iqtisadiyyatına əhəmiyyətli dərəcədə mənfi təsirini göstərməyib.  Qeyd etmək lazımdır ki, maliyyə barazların gözlənilməyən və qeyri-müəyyən hadisələrə ilkin reaksiyası adətən şişirdilmiş və qeyri adekvat həddə olur.  Son günlərin gərginliyi normal bir haldır.”

Ekspertin sözlərinə görə, hazıda virus barəsində məlumat yetərsizliyi  səbəbilə onun hansı zamanda qarşısının alınması haqqında da heç bir məlumat və ya dəqiq proqnoz yoxdur. Əldə olan məlumatlar əsasında hansısa qəti və obyektiv bir qənaətə gəlmək qeyri mümkündür. Nəticədə 2 əsas ssenari mövcuddur – virusun qısa müddət ərzində qarşısı alınır və ya alınması üzun müddət çəkir.

“Virusun qısa müddət ərzində qarşısının alındığı halda, onun dünya və Azərbaycan iqtisadiyyatına təsiri, demək olar ki, olmayacaq və bazarlar əvvəlki hədlərə tez bir zaman ərzində qayıdacaq.

Lakin, virusa qarşı qısa zaman ərzində effektiv mübarizə yolu aşkarlanmadıqda, nəticə kifayət qədər acınacaqlı olacaq. Bu, dünya iqtisadiyyatının tənəzüllə uğramasına təkan verə bilən faktor ola bilər.  Çinin Vuhan əyalətinin 11 milyon əhalisi var, belə böyük bir şəhərin real blokadaya alınması qeyri müəyyən görünür. Virus ilk öncə Avrasiya kontinent boyu yayılacaq və onun iqtisadi nəticəsini hər bir ölkə öz üzərində hiss edəcək.

Çin və dünya iqtisadiyyatının tənəzüllə uğraması neft qiymətinin enməsinə səbəb olacaq. Neftin qiymətinin uzun müddət ərzində aşağı hədlərdə ticarət olunması Azrərbaycan iqtisadiyyatına qaçılmaz olaraq, mənfi təsir göstərəcək.”

Məlumat üçün bildirək ki, Çin Azərbaycanın əsas ticarət partnyorlarından biri olaraq, 2019-cü ilin nəticələrinə görə ölkələrarası ticarət dövriyyəsi 1.7 milyard təşkil edib. Belə ki, ölkəmizin neft gəlirlərinin azalması və əsas ticarət partnyorundan biri olan Çin ilə ticarət əməliyyatlarının zəifləməsi, qeyri-neft soktoruna da öz mənfi təsirini göstərəcəkdir.