Ukrayna prezidenti Volodimir Zelenski ölkənin xarici işlər naziri Dmitri Kulebanın istefası imkanını nəzərdən keçirir. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Strana" nəşri mənbələrinə istinadən məlumat yayıb.

"Kulabaya çoxlu suallar var. Xüsusən də Xarici İşlər Nazirliyi tərəfindən təqdim olunan səfirliyə namizədlərlə bağlı çoxlu şikayətlər var. Hər şeyə nail olmaq mümkün deyil, ancaq səfirliklərdə vəziyyətin qənaətbəxş olmadığı barədə məlumatlar gəlir", - nəşr mənbədən sitat gətirib.

"Strana"nın məlumatına görə, əvvəlcə Kulebanın Londona səfir göndərilməsi nəzərdə tutulurdu, lakin sonradan bu vəzifəyə Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnının təyin edilməsi qərara alınıb.

Nəşrin mənbəsi onu da bildirib ki, XİN-in hazırkı rəhbərini əvəz etməyə ən çox ehtimal olunan namizəd prezident aparatının rəhbərinin müavini İqor Jovkvadır. Zelenski administrasiyasında o, xarici siyasətə nəzarət edir.

Qeyd edək ki, martın 8-də Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Oleq Nikolenko istefa verdiyini açıqlayıb.