HƏMAS hərəkatı ilə İsrail tərəfi arasında Qəzzada atəşkəs rejiminin tətbiqi və girovların fələstinli məhbuslarla dəyişdirilməsinə dair razılaşmanın parametrləri ilə bağlı razılığın əldə edilməsi üçün Qahirədə keçirilən çoxtərəfli danışıqlar ən azı bir gün uzadılıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Əl-Qahirə əl-İxbariyyə" telekanalı Misir rəsmisinə istinadən məlumat yayıb.

Məlumata görə, hazırda məsləhətləşmələr davam edir və çərşənbə günü yeni raund baş tutacaq. Kanal hələ ki, tərəflərin indiyə qədər hansı nəticələr əldə etdiyi barədə məlumat verməyib.

Çərşənbə axşamı "Əl Hadath" telekanalı Misir nümayəndə heyətindəki mənbəyə istinadən danışıqların çətin olduğunu, lakin davam etdiyini bildirib və Misirin paytaxtında Qəzza ilə bağlı görüşlərin heç bir nəticə vermədiyi iddia edilən "Reuters"in məlumatını təkzib edib.