ABŞ Gürcüstanın keçmiş baş prokuroru Otar Partsxaladzeyə qarşı sanksiyalar tətbiq edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. 

Nəşr sanksiyadan yazarkən Partsxaladzeni " gürcü-rus oliqarxı" adlandırıb.

Dövlət Departamentinin məlumatına görə, Rusiya FSB-si bu oliqarxla Gürcüstan cəmiyyətinə və siyasətinə Rusiyanın xeyrinə təsir etməsi üçün əməkdaşlıq edib.

ABŞ Maliyyə Nazirliyinin saytında qeyd edildiyi kimi, Gürcüstandan başqa Partsxaladzenin Rusiya vətəndaşlığı da var.

2013-cü ildə Otar Partsxaladze bir ay baş prokuror vəzifəsini tutub. 

Partsxaladzenin adı müxtəlif korrupsiya işləri ilə bağlı jurnalist araşdırmalarında o qədər tez-tez hallanırdı ki, o, hətta müəyyən dərəcədə məşhurlaşmışdı.