İtaliya Səhiyyə Nazirliyi ölkəyə təsir edən istilər səbəbindən “qırmızı” həyəcan siqnalı elan edilən şəhərlərin sayını artırıb.

İqtisadiyyat.az dünya mətbuatına istinadən xəbər verir ki, dörd rəng kateqoriyasında hava istiliyində risk səviyyəsini təyin edən Səhiyyə Nazirliyi, ən yüksək risk mənasını verən "qırmızı" kateqoriyada olan şəhərlərin sayını 1 ədəd artıraraq 17-yə çatdırıb.

Nazirliyin isti temperatorda rekordların qırılacağına dair proqnozlarına görə, sabah 20 şəhər üçün qırmızı həyəcan siqnalı verib. 19 iyul çərşənbə günü isə 23 şəhəri qırmızı kateqoriyaya daxil edib. Beləliklə, ölkənin 27 böyük şəhərindən 23-də havanın temperaturu ilə bağlı həyəcan siqnalı maksimum həddə çatıb.

Səlahiyyətlilər həddindən artıq istilərin təkcə yaşlılar, uşaqlar, xəstələr və həssas qruplar üçün deyil, bütün əhali üçün təhlükə yaratdığı barədə xəbərdarlıq edərkən, ən isti saatları saat 11:00-18:00 kimi qiymətləndirib və bu saatlarda küçəyə çıxmamağı tövsiyə edib. 

Bu həftə qərbdəki Sardiniya adasında temperaturun 47-48 dərəcəyə, cənubdakı Siciliya adasında 45-46 dərəcəyə, cənub-şərqdəki Puglia bölgəsində isə 45 dərəcəyədək yüksələcəyi təxmin edilir.

Paytaxt Romada bu gün havanın temperaturu 40 dərəcəyə çatıb.

Bildirilib ki, paytaxt Romada hava istiliyinin sabah 43 dərəcəyə çatması ilə bu ilin ən yüksək səviyyəsi qeydə alınacaq.