İspaniya tezliklə Ukraynaya daha 4 "Leopard 2" döyüş tankı təhvil verəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Kiyevdə səfərdə olan İspaniya Baş naziri Pedro Sançez Ukrayna Prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransında deyib.

"Hərbi baxımdan, çox uzun və intensiv əməkdaşlığa əlavə olaraq, İspaniya tezliklə dörd "Leopard" tankı və zirehli personal daşıyıcı da daxil olmaqla, Ukraynaya kömək etmək üçün yeni ağır texnika tədarük edəcək", - Sançez vurğulayıb.

Baş nazir həmçinin bildirib ki, İspaniya Ukraynanın cəbhə xətti yaxınlığında yaralı hərbçilərin və mülki vətəndaşların müalicə imkanlarını yaxşılaşdırmaq üçün cərrahi imkanlara malik portativ səhra xəstəxanasını Ukraynaya çatdırmağa hazırlaşır.

Baş nazir Sançez əlavə edib ki, 650-dən çox ukraynalı müalicə üçün İspaniyaya gedib. Bundan əlavə, Saraqosa şəhərində ukraynalı terapevtlər üçün qabaqcıl proqramlar üzrə təlimlər keçirilir.