İyulun 1-də Avropa İttifaqına (Aİ) sədrlik İsveçdən İspaniya keçib. İspaniya isə sədrlik müddətindəki proqramına “Aİ-Türkiyə münasibətlərini müsbət gündəmlə inkişaf etdirmək” vədini daxil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İspaniya Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Nazirliyin açıqladığı “Aİ Sədrlik Proqramı”nda “Şərqi Aralıq dənizi və Türkiyə” başlıqlı bölmədə İspaniyanın Türkiyə ilə əməkdaşlığı inkişaf etdirməyi hədəfləməsi nəzərdə tutulub. Qeyd edilib ki, bu, hər iki tərəfin marağındadır.

İspaniya həmçinin Aİ-yə sədrliyi dövründə Şərqi Aralıq dənizinin təhlükəsizliyi və sabitliyi üçün çalışacağını vurğulayıb.

İyunun 29-da Madriddə “Avropa daha yaxındır” adlı proqramı təqdim edən İspaniyanın xarici işlər naziri Xose Manuel Albares İspaniyanın müddətli prezidentliyinin prioritetlərini belə sıralayıb:

“Strateji və özünü təmin etmək Aİ-nin yenidən sənayeləşməsinə imkan verəcək, ekoloji keçidi sürətləndirəcək, sosial və iqtisadi ədaləti təşviq edəcək, sülh, sabitlik və inkişafı prioritet hesab edən qaydalara əsaslanan milli nizamı müdafiə etmək üçün siyasi birliyi möhkəmləndirəcək”.

İspaniya 6 aylıq Aİ-yə sədrlik dövründə yüksək səviyyəli iştirakla 22 qeyri-rəsmi görüş təşkil etməyi planlaşdırır.