“İtirdiyi peşə əmək qabiliyyətinin faizinə uyğun işçiyə həm sığorta şirkəti kompensasiya verməli, həm də Dövlət Sosial Müdafiə Fondundan pensiya təyin edilməlidir”.

Bunu İqtisadiyyat.az-a açıqlamasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyib.

O xatırladıb ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna görə, işəgötürənlər bütün işçiləri bədbəxt hadisələr və peşə xəstəliklərindən sığortalamalıdır.

S.Məmmədovun sözlərinə görə, kompensasiya işçinin 18 yaşına çatmayan və yaxud da 22 yaşına çatmayan təhsil alan uşaqlarına, eləcə də ailədə əlilliyi olan üzvə şamil olunur:

“Bu da yalnız işçinin icbari sığorta olunduğu halda mümkündür. Bəzi qeyri-formal yerlərdə işçi hüquqları kobud şəkildə pozulur və onlar sığortaya cəlb olunmur. Belə olduğu təqdirdə hüquqi şəxslər 5 min, fiziki şəxslər isə 1500 manat cərimə olunur. Sığorta olunmayan işçinin başına bir iş gəldikdə onlar aradan çıxmağa çalışırlar. Hər halda burada araşdırma getməli və cinayətkarlar qanunla məsuliyyətə cəlb olunmalıdır”.

O, ödənişlərin birdəfəlik, aylıq və müalicə xərclərinin qarşılanması ilə həyata keçirilməli olduğunu qeyd edib:      

“İşçi xəsarət aldığı təqdirdə isə itirdiyi peşə əmək qabiliyyətinin faizinə uyğun ona həm sığorta şirkəti konpensasiya verməli, həm də Dövlət Sosial Müdafiə Fondundan pensiya almalıdır. Kompensasiyanın məbləği işçinin orta aylıq əmək haqqı ilə müəyyənləşdirilir. Məsələn, fəhlə aylıq 1000 manat alırdısa, peşə əmək qabiliyyətinin 50%-ni itiribsə, sığorta şirkəti yaşa görə pensiyaya çıxana qədər ona aylıq 500 manat ödəməlidir. Həmçinin işçiyə Dövlət Sosial Müdafiə Fondundan əlilliyə görə pensiya təyin edilməlidir”.

 

Sadiq Cavadov