İranın neft naziri Bijən Namdar Zəngənə OPEK-in dağılması ilə bağlı xəbərdarlıq edib.

ONA-nın Tehran bürosunun məlumatına görə, nazir bu barədə fikirlərini OPEK-in baş katibi Mohammad Sanusi Barkindo ilə görüşdə ona çatdırdığını deyib.

Zəngənə deyib ki, bəzi ölkələrin təkqütblü davranışının bu təşkilatın dağılması ehtimalını daha da gücləndirdiyini baş katibə çatdırıb: “Görüşdə neft bazarındakı son durum, bazardakı problemlər və digər məsələlər haqqında müzakirə apardıq”.

Nazir qeyd edib ki, İran öz mənafeyinə uyğun olaraq OPEK-in üzvüdür: “Əgər OPEK üzvlərindən hər hansı biri İranı hədələyərsə və İran üçün çətinlik yaradarsa, ölkəmiz bunu cavabsız qoymayacaq”.