İranın İraqda ABŞ-nin sanksiyaları səbəbindən bloklanan 10 milyard dolları sərbəst buraxılıb.

İqtisadiyyat.az xəbər verir ki, bunu İran-İraq Ticarət Palatasının sədri Yəhya Əl İshaq bildirib.

İranın Tesnim Xəbər Agentliyinin məlumatına görə,  Əl İshaq deyib: "İraqdan tələbimiz 10 milyard dollar idi. İraq naziri 10 milyard dollarlıq tələbi təsdiqləyib və bu məbləğin İraq Kommersiya Bankına (TBI) yatırılmasını tapşırıb".

İran rəsmisi qeyd edib ki, sözügedən pulun istifadəsi ilə bağlı razılaşma “sanksiyaya salınmayan əsas ehtiyaclar və dərmanlar” kimi məhsulları əhatə edir.

Əlavə edək ki, İran Cənubi Koreyaya neft ixracından əldə etdiyi və bu ölkədəki banklarda saxlanılan 7 milyard dollarlıq valyutasına ABŞ-nin birtərəfli bank sanksiyaları səbəbindən çıxış edə bilmir.

Cənubi Koreyanın “The Korea Economic Daily” qəzeti mayın 30-da yazıb ki, İranın Cənubi Koreyada saxladığı 7 milyard dollarlıq aktivlərinin sərbəst buraxılmasını təmin etmək üçün Vaşinqton və Seul arasında danışıqlar aparılıb.

İranın yarı rəsmi agentliyi ISNA iyunun 6-da bildirib ki, Tehran ABŞ-nin birtərəfli bank sanksiyaları səbəbindən İraqdakı 10 milyard dollarlıq və Cənubi Koreyadakı 7 milyard dollarlıq dondurulmuş aktivlərini azad etməyə razılaşıb.

İran və ABŞ arasında dolayı danışıqlar davam edərkən, iyunun 10-da İranın İraqdakı dondurulmuş aktivlərindən 2 milyard 700 milyon dolların sərbəst buraxıldığı bildirilib.