Komandasının Asiya Çempionlar Liqasında "Persepolis"lə oyunu üçün İrana gedən Kriştiano Ronaldo görünməmiş sevgi ilə qarşılanıb.

İqtisadiyyat.az xəbər verir ki, çərşənbə axşamı Asiya Çempionlar Liqasında İranın "Persepolis" komandası ilə qarşılaşacaq "Əl Nəsr"in ulduzu Kriştiano Ronaldo Tehranda böyük maraqla qarşılanıb. Səudiyyə komandasının Twitter-də yayımladığı videoda çoxlu iranlı futbol azarkeşlərinin “Əl-Nəsr” avtobusunu qaçaraq izlədiyi görülüb və bu, əfsanəvi futbolçuya olan sevgini bir daha ortaya qoyub.

Digər sosial media videolarında yüzlərlə "Persepolis" azarkeşinin "Əl Nəsr"in qaldığı otelin foyesinə qaçaraq “Ronaldo, Ronaldo” şüarları səsləndirdiyi əks olunub. Mühafizəçilər Ronaldonu "Espinas Palace Tehran"dakı otağına apararkən, ona göstərilən diqqətdən çox məmnun görünən Ronaldo, fanatların marağına təbəssümlə cavab verib. Ronaldo üçün bir oteldə suit otaq ayrıldığı bildirilib.

Ronaldo Tehrana ayaq basan kimi  hava limanında ona ənənəvi fars xalçası hədiyyə edilib. Digər tərəfdən, İran vətəndaşlarının minlərlə internet saytından, bütün qlobal mesajlaşma xidmətlərindən və sosial media platformalarından istifadə edə bilməmələri səbəbiylə, Ronaldo və onun dostlarına bütün bu məhdudiyyətlər olmadan internetə daxil ola biləcəkləri xüsusi SİM kartlar hədiyyə edilib.

78 min tamaşaçı tutumuna malik “Aazdi” stadionunda oynanılacaq qarşılaşma meydan sahiblərinin cəzası səbəbindən tamaşaçısız keçiriləcək. “Əl Nəsr” son 7 ildə İrana səfər edən ilk Səudiyyə Ərəbistanı klubu olacaq.