İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 2023-cü ili 23,233 milyon manat mənfəətlə başa vurub.

İqtisadiyyat.az Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 13,4 % çoxdur.

Ötən il İKZF-nın faiz gəlirləri 79,387 milyon manat (əvvəlki ilə nisbətən 20,3 % çox), faiz xərcləri 44,469 milyon manat (25,1 % çox), gözlənilən kredit zərəri 730 min manat (38,7 % az), haqq və komissiya gəlirləri 1,173 milyon manat (21 % az), haqq və komissiya xərcləri 1,729 milyon manat (33 % çox), digər gəlirləri 1,367 milyon manat (2,7 % çox), insan resursları üzrə xərcləri 6,669 milyon manat (20,5 % çox), inzibati və digər xərcləri isə 5,099 milyon manat (7 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə İKZF-nın aktivləri 2 milyard 793,465 milyon manat olub ki, bu da illik müqayisədə 16,4 % çoxdur. Bunun 2 milyard 5,998 milyon manatı müştərilərə verilmiş ipoteka kreditləridir. Son 1 ildə Fondun kredit portfeli 17,4 % böyüyüb.

Hesabat dövründə Fondun öhdəlikləri 20,3 % artaraq 1 milyard 676,617 milyon manata, o cümlədən buraxdığı borc qiymətli kağızlarının ümumi dəyəri 20,3 % artaraq 1 milyard 646,852 milyon manata, balans kapitalı isə 11 % artaraq 1 milyard 116,848 milyon manata, o cümlədən nizamnamə kapitalı 9,8 % artaraq 980,7 milyon manata çatıb.

Xatırladaq ki, İKZF ölkə prezidentinin 25 dekabr 2017-ci il tarixli fərmanı ilə, "Azərbaycan İpoteka Fondu" və "Kredit Zəmanət Fondu" ASC-lərin birləşmə formasında yenidən təşkili yolu ilə yaradılıb.