Böyük Britaniyanın silahlı qüvvələr naziri Ceyms Hippi britaniyalı parlamentarilərin Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmasının Böyük Britaniyanın müdafiə sənayesi üçün mümkün faydalarını necə dəyərləndirməsi ilə bağlı sualını cavablandırıb.

İqtisadiyyat.az-ın məlumatına görə, Hippi cavabında bildirib ki, Böyük Britaniya bu qərarı Ermənistanın suveren hüququ kimi tanıyır və Rusiyadan cavab təhdidləri olacağı təqdirdə Avro-Atlantik müttəfiqləri ilə birlikdə Ermənistanı dəstəkləyəcək.

Eyni zamanda o qeyd edib ki, Ermənistanın KTMT-yə üzvlüyünün "dondurulması" qurumdan rəsmi çıxış demək deyil.

"Böyük Britaniya ATƏT-in silah embarqosunu imzalayan ölkədir və buna görə də Böyük Britaniyanın müdafiə sənayesi üçün istənilən fayda mövcud məhdudiyyətlər çərçivəsində həyata keçirilməlidir. Biz daha sıx əməkdaşlıq imkanlarını müəyyən etmək üçün Ermənistanla sıx əməkdaşlığı davam etdirəcəyik", - o, Britaniya parlamentinə verdiyi cavabda vurğulayıb.