İndoneziyanın Sumatra adasında baş verən daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 21-ə çatıb, 6 nəfər hələ də itkin düşüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə AFP Qərbi Sumatra Fəlakətlərin Azaldılması Agentliyinin nümayəndəsi Fəcar Sukmaya istinadən məlumat yayıb.

Daha əvvəl tüğyan edən təbii fəlakət nəticəsində azı 10 nəfərin həlak olduğu bildirilirdi.

"Bazar gününə olan məlumata görə, 21 nəfər ölü tapılıb və altı nəfər hələ də itkin düşüb", - Fəcar AFP-yə bildirib.

Onun sözlərinə görə, Sutera səmtinin yamacında yerləşən kəndə ciddi ziyan dəyib, sürüşmə və daşqın nəticəsində rayonda 200-ə yaxın ailə köməksiz qalıb.

Yerli axtarış-xilasetmə xidmətinin rəsmisi Əbdül Malik bildirib ki, xilasedicilər itkin düşənləri axtarır, hakimiyyət orqanları öz əməliyyatlarını təbii fəlakətdən zərər çəkmiş üç rayonda cəmləşdiriblər.

"Qərbi Sumatradakı təbii fəlakətlərə kömək edən təşkilatlardan 150-yə yaxın adam bu gün axtarışlara cəlb olunub", - Əbdül açıqlamasında bildirib.