Hollandiyanın Ameland adası yaxınlığında 2857 yeni avtomobili daşıyan “Fremantle Highway” yük gəmisində yanğın baş verib. 

İqtisadiyyat.az-ın dünya mediasına istinadən verdiyi məlumata görə , yanğın nəticəsində bir ekipaj üzvü ölüb, bir neçə nəfər yaralanıb.

Bildirilir ki, gəminin göyərtəsində 23 nəfər olub. Ekipaj üzvləri yanğını təkbaşına söndürməyə çalışsalar da, sonradan onların təxliyyəsinə qərar verilib. 16 nəfər xəstəxanaya göndərilib. Ekipaj üzvlərinin bir qismi qayıqlara mindirilib, bəziləri isə Sahil Mühafizəsinin helikopterləri ilə təxliyyə edilib. Tibbi müayinədən sonra bir neçə nəfər Xroninqen hava limanına Eelde göndərilib.

Qeyd edək ki, yük gəmisi Almaniyadan Misirə 25 elektrik avtomobili daşıyır. İlkin məlumata görə, yanğın onlardan birində baş verib.