Hindistan Silahlı Qüvvələri martın 12-də Ordu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin genişmiqyaslı təlimi keçirəcək. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "The Times of India" məlumat yayıb.

"Təlimlər hökumətin Hindistan istehsalı olan silahlarla özünü təmin etmək planının həyata keçirilməsində silahlı qüvvələrin uğurunu nümayiş etdirəcək. Ötən il Müdafiə Nazirliyi 153 silah tədarükü müqaviləsindən 150-ni yerli istehsalçılarla imzalayıb", - dövri nəşrin həmsöhbətləri bildiriblər.

Təlim zamanı Hindistan şirkətləri tərəfindən istehsal olunan 60-a yaxın sistemin döyüş qabiliyyəti nümayiş etdiriləcək, o cümlədən BrahMos səsdən sürətli qanadlı raketlər, "Akaş" zenit-raket kompleksləri, "Svati" artilleriya kəşfiyyat stansiyaları, "Vajra" özüyeriyən haubitsaları, "Pinaka" çoxsaylı raket kompleksləri və s. silahlar sınanacaq.

Hindistanın baş naziri Narendra Modi və müdafiə naziri Rajnath Singh Pakistanla həmsərhəd, Racastan əyalətinin qərbində Thar səhrasında keçiriləcək "Bharat Shakti" adlı təlimin yer və hava mərhələlərini izləyəcəklər.