Hindistan Çinlə sərhədi qorumaq üçün əlavə on min əsgər ayırıb. Beləliklə, bu ərazidə xidmət edən qoşunların sayı iki dəfədən çox artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Bloomberg" yüksək rütbəli Hindistan məmurları arasında anonim mənbələrə istinadən məlumat yayıb.

Mənbələr bildiriblər ki, əvvəllər ölkənin qərb sərhədində xidmət etmiş 10 min əsgərdən ibarət qüvvə indi Çinlə mübahisəli sərhədin bir hissəsini möhkəmləndirmək üçün yerləşdirilib.

Bundan əlavə, artıq Hindistanın Çinlə sərhədində yerləşdirilən doqquz min əsgər kontingenti yeni yaradılan döyüş komandanlığına veriləcək. Silahlı qüvvələrin hər iki bölməsi sərhədin 532 kilometrlik hissəsini qoruyacaq.

Hindistan Silahlı Qüvvələrinin və ölkənin Müdafiə Nazirliyinin nümayəndələri vəziyyəti şərh etməyiblər.