"Vətəndaşlar təmirli və çıxarışı olan evləri almağa daha çox üstünlük verməlidir".

Bunu İqtisadiyyat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyib.

Onun sözlərinə görə, bəzən təmirli və təmirsiz mənzillərin qiymətlərindəki fərq vətəndaşların düzgün qərar verməsinə mane olur. Ekspert deyir ki, təmirsiz mənzillərin ucuz qiymətə olması cəlbedici görünür:

"Kvadrat metri 1500 manata təmirsiz mənzil satılırsa, təmirli mənzillər 1900 manatdan yuxarı, bəzən 2000 manata satılır. Bu məbləğ təmirin vəziyyətinə görə dəyişir. Əslində, təmirli mənzil almaq daha sərfəlidir. Sadəcə təmirin keyfiyyəti də önəmlidir. Bəzən insanlar təmirli mənzil alsa da, zövqlərinə uyğun olmadığı üçün yenidən təmir edirlər. Bütün hallarda təmirli mənzil daha ucuz başa gəlir. Təmirsiz evlər üçün çəkilən xərclər isə yüksək olur. Bir çox hallarda həmin ev satılanda aşınma olduğuna görə təmirə qoyulan vəsaitin hamısını əldə etmək olmur".

Hazır binadan və ya bünövrədən satışı həyata keçirilən mənzillərə gəlincə isə ekspert hansının alıcı üçün daha sərfəli olduğuna aydınlıq gətirib.

O hesab edir ki, hazır binadan ev alınması daha məqsədəuyğundur: "Azərbaycanda elə binalar olub ki, hansısa mərhələdə tikintisi dayanıb. Bundan başqa, 2 ilə hazır olacağı deyilən bina illər keçsə də, tikintisi bitmir. Halbuki vətəndaş mənzilin pulunu tam şəkildə ödəyir. Bu baxımdan hazır və çıxarışı olan mənzillər alınmalıdır. Bünövrədən alınan ev sadəcə ucuz ola bilər. Ümumilikdə, yaxşı olar ki, vətəndaşlar ev almadan öncə konsaltinq şirkətlərlə və ya mütəxəssislərlə məsləhətləşsinlər".

 

Gülşən Şərif