"Finans.az" 31 mart 2019-cu il tarixinə bankların kapital adekvatlığı əmsalını araşdırıb.

Bankların kapital adekvatlığı əmsalı əsas risk göstəricilərindən biri olub, bankın məcmu kapitalının onun riskli aktivləri qarşısında dayanıqlığını göstərir. Bu hədd Mərkəzi Bank tərəfindən minimum 10% olaraq qəbul olunub. Yəni, bir bankın kapitalı onun risk ölçülü aktivlərinin 10%-dən az olmamalıdır. Bu əmsalın yüksək olması bankın kapitalının onun riskli aktivlərə qarşı daha çox dayanıqlı olmasını, az olması isə tam əksini - bu dayanıqlığın pozulduğunu göstərir.

Kapital adekvatlığının hesablanması qaydası Mərkəzi Bankın “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda geniş izah olunub. Qısaca desək, bu əmsal tutulmalardan sonra bankın məcmu kapitalının risk ölçülü aktivlərinə faiz nisbəti kimi hesablanır.

Onu da qeyd edək ki, "kapitalın strukturu və adekvatlığı hesabatı" mühüm hesabatlardan biri hesab olunur və Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən digər hesabatlarla bərabər dərc olunması tələb olunur.