Türkiyənin xarici işlər naziri Hakan Fidan Vaşinqtonda ABŞ-nin Milli Təhlükəsizlik müşaviri Ceyk Sullivanla görüşüb. Görüşdə Qəzzada ən qısa zamanda atəşkəsin elan edilməsi və bölgəyə humanitar yardımların artırılması lazım olduğu vurğulanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "TRT Haber" diplomatik mənbələrinə istinadən məlumat yayıb. 

Məlumata görə, görüşdə Qəzzada ən qısa zamanda atəşkəsin elan edilməsi və bölgəyə çatan humanitar yardımların artırılmasının vacibliyi bildirilib.

Danışıqlarda əldə olunan yekun nöqtə qiymətləndirilib.

Ukraynada müharibənin daha da uzadılmamalı olduğu, Ukraynanın ərazi və siyasi bütövlüyü çərçivəsində məsələnin həllinin vacib olduğu bildirilib.


"PKK uzantıları ilə əlaqələr kəsilməlidir"

Görüşdə Türkiyənin Suriyadakı terror təşkilatlarına qarşı mübarizədə qətiyyəti vurğulanıb.

ABŞ-nin bu məsələdə müttəfiqlik ruhuna uyğun hərəkət etməli və PKK-nın uzantıları ilə əlaqələrini kəsməli olduğu qeyd edilib.


Azərbaycan-Ermənistan münasibətləri

Fidan və Sallivan arasında keçirilən görüşdə Azərbaycan-Ermənistan sülh prosesi də gündəmdə olan məsələlər arasında olub. Bildirilib ki, sülh prosesində əldə olunacaq irəliləyiş Qafqazın çiçəklənməsi üçün həlledici olacaq.