ABŞ-də Strateji Mexanizm Toplantısı çərçivəsində amerikalı həmkarı Antoni Blinkenlə görüşən Türkiyənin xarici işlər naziri Hakan Fidan Qəzzada vəziyyətin ağır olduğunu və günahsız insanların əzab çəkməsinin aradan qaldırılması üçün təcili tədbirlər görülməli olduğunu vurğulayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. 

Fidan 2021-ci ildə başlayan strateji görüşlərin yeddincisini keçirdiklərini və bu çərçivədə iki ölkə arasında təhlükəsizlik, regional əməkdaşlıq, regional məsələlər, ticarət və enerji kimi geniş mövzularda danışıqlar aparacağını bildirib.

İsrailin Qəzzadakı əməliyyatları başda olmaqla bir çox mühüm regional məsələlərin eyni vaxtda baş verdiyini qeyd edən Fidan bildirib: "Qəzzada yaranan ağır vəziyyət bizdən bu məsələyə təcili müdaxilə etməyi tələb edir. Beynəlxalq ictimaiyyət günahsız insanların əziyyətini dayandıra bilmədi. Qəzzada insanların təcili humanitar yardıma ehtiyacı var".

Fidan Qəzzada atəşkəs və fasiləsiz humanitar yardımın təmin edilməsi üçün ABŞ və digər ölkələrlə ciddi işləmək lazım olduğunu da vurğulayıb.

Görüşdə Ukrayna və Qara dəniz təhlükəsizliyi kimi bir çox regional məsələlərin də danışıldığını bildirən Fidan, İsveçin üzvlüyündən sonra NATO-nun mövcud vəziyyətinin də müzakirə olunduğunu bildirib.