Haitinin baş naziri Ariel Henrinin istefasını tələb edən dəstələr paytaxt Port-o-Prinsdə polis məntəqələrinə hücum ediblər.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, Salomon bazarında yerləşən polis bölməsi hədəfə alınıb.

Ariel Henri ötən həftə regional zirvə toplantısına gedəndə zorakılığın tüğyan etdiyi şəhərdəki dəstələr hücumlarını artırıb. İğtişaşlar onun geri qayıtmasına mane olan hava nəqliyyatını iflic edib.

Baş nazir Keniyaya səfərindən bəri heç bir açıqlama verməyib.

Paytaxtdakı dəstələr onun yoxluğundan istifadə edərək bir sıra koordinasiyalı hücumlar təşkil ediblər. Onlar həmçinin Croix-des-Buquets-dəki məhkəmə binasını, eləcə də 20-dən çox təhlükəsizlik binasını yandırıblar. Hücumlar zamanı azı altı polis əməkdaşı həlak olub.

Zorakılıq Haitidəki humanitar böhranın daha da pisləşməsinə səbəb olub.