"Gürcüstan parlamenti konstitusiyada göstərildiyi kimi ərazi bütövlüyü bərpa olunana qədər ikipalatalı parlament kimi fəaliyyətə başlamalıdır".

"Operativ Media" xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili bildirib

"İnanıram və bu, prezident kimi yox, şəxsi fikrimdir ki, Gürcüstan parlamentinə ikinci palata lazımdır. Bu ikinci palata ərazi bütövlüyünün nə vaxt bərpa olunacağından asılı olmamalıdır. Biz yerləri boş qoya bilərik. Söhbət Abxaziya və Sxinvali bölgəsinə aid yerlərdən gedir. Bu palatanın köməyi ilə biz lazım olanı - çox cüzi mövcud olan yerli kadrları bərpa etməyə başlamalıyıq", - Zurabişvili yerli media ilə görüşdə deyib. 

Gürcüstan Konstitusiyasına əsasən, bütün ölkə ərazisində Gürcüstanın yurisdiksiyasının tam bərpasından sonra parlament iki palatadan ibarət olacaq. Aşağı palata Respublika Şurası, yuxarı palata isə Senat adlanacaq. Respublika Şurası proporsional sistemlə seçilən deputatlardan, Senat isə Abxaziya, Acarıstan və digər ərazi vahidlərindən seçilən üzvlərdən, habelə prezident tərəfindən təyin olunan beş üzvdən ibarət olmalıdır. Ərazi bütövlüyü bərpa olunana qədər, konstitusiyaya görə, Gürcüstanda 150 deputatdan ibarət birpalatalı parlament fəaliyyət göstərir.