“Gəncədə xəstəxanada baş vermiş yanğın zamanı 148 nəfər təxliyə olunub”.

Bunu İqtisadiyyat.az-a Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Dövlət Yanğın Mühafizə İdarəsinin rəis müavini, daxili xidmət polkovniki Fuad Hüseynov deyib.

O bildirib ki, Gəncə Şəhər Abbas Səhhət adına 1 saylı Xəstəxanada qeydə alınmış yanğın yerinə, 5 yanğınsöndürən avtomobil, 50 nəfər şəxsi heyət və regional idarənin xüsusi riskli xilasediciləri cəlb edilib:

“Hadisə yerində çatanda məlum oldu ki, xəstəxananın zirzəmisində yerləşən 3 ədəd elektrik şitində yanğın baş verib və tüstülənmə olub. Tüstülənmə xəstəxana binasının 5 mərtəbəsinə də yayılıb. Dərhal yanğın tərəfimizdən söndürülüb və 58 nəfər xəstə və 90 nəfər xəstəxananın çalışanı təxliyə edilib. Hadisə nəticəsində 1 nəfər xəstə dünyasını dəyişib. Hadisənin səbəbləri araşdırılır”.

Qeyd edək ki, Gəncə Şəhər Abbas Səhhət adına 1 saylı Xəstəxanadan təxliyə olunan xəstələr şəhər ərazisində yerləşən digər xəstəxanalara köçürülüb.