ABŞ Federal Ehtiyat Sistemi (FED) ani ödənişlər üçün yeni sistemi olan "FedNow"u işə saldığını elan edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə FED-dən açıqlama verilib. 

Açıqlamada qeyd olunub ki, istənilən ölçüdə banklar və kredit ittifaqları bu sistemdən istifadə edərək günün, ilin istənilən vaxtında müştərilərinə anında pul köçürə bilərlər.

ABŞ Maliyyə Nazirliyinin Maliyyə Xidmətləri Bürosundan əlavə, hazırda 35 bank və kredit ittifaqı "FedNow"dan istifadə edir və 16 xidmət provayderi banklar və kredit ittifaqları üçün ödəniş əməliyyatlarını dəstəkləməyə hazırdır.

Açıqlamada bildirilib ki, sistem tam istifadə olunduğu zaman ani ödənişlər istehlakçılara və müəssisələrə əhəmiyyətli faydalar verəcək, fiziki şəxslər maaşlarını anında alıb həmin gün istifadə edə biləcəklər, kiçik müəssisələr isə əməliyyat gecikmələri olmadan pul vəsaitlərini daha səmərəli idarə edə biləcəklər.

FED sədri Jerome Powell mövzu ilə bağlı açıqlama verib: "Fed gələcək illər üçün gündəlik ödənişləri daha sürətli və daha rahat etməyə kömək etmək üçün FedNow xidmətini yaratdı".

Qeyd edək ki, FED 2019-cu ildə ABŞ-də daha sürətli ödənişləri təmin etmək üçün "FedNow" adlı ani ödəniş xidmətini inkişaf etdirəcəyini açıqlamışdı.