"Türkiyə dünyada sabitliyi təmin etmək üçün NATO-nun genişlənməsini dəstəkləyir".

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyə Prezident Aparatının kommunikasiya məsələləri üzrə direktoru Fəxrəddin Altun "Middle East Eye" nəşri üçün yazdığı məqaləsində bildirib.

"Türkiyə hesab edir ki, alyansın genişlənməsi dünyada davamlı sülh və sabitliyin açarıdır", - Altun qeyd edib.

O, rəsmi Ankaranın Şimali Makedoniyanın NATO-ya inteqrasiyasını və Bosniya və Herseqovinanın alyansa qoşulmasını dəstəklədiyini bildirib.

Altun deyib ki, Ankaranın NATO-nun genişlənməsinə dəstəyi müəyyən bir ölkəyə qarşı deyil, alyansı sabitliyə nail olmağa kömək edəcək hərtərəfli təhlükəsizlik təşkilatına çevirmək məqsədi daşıyır. O bildirib ki, NATO-nun Vilnüs sammitindən əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Ukraynanın alyansa üzvlüyünə dəstəyini də bir daha təsdiqləyib.