"Qərbin ekstremistlərə dəstəyi antiterror səylərini çətinləşdirdiyi üçün terror təhdidləri Suriya və İraq üçün hələ də ən böyük problemdir".

İqtisadiyyat.az xəbər verir ki, bunu Suriya prezidenti Bəşər Əsəd bildirib.

Suriya liderinin sözlərinə görə, onun ölkəsində səfərdə olan İraqın baş naziri Məhəmməd Şia əl-Sudani ilə danışıqlarında əsas diqqət terrorla mübarizədə birgə səylər olub: "Sərhəd bölgələrində sabitliyin və təhlükəsizliyin qorunmasında Suriya və İraq ordularının əməkdaşlığı vacibdir. Baş nazir əl-Sudaninin səfəri ərəblərarası arenada baş verən müsbət dəyişiklikləri nəzərə alaraq ikitərəfli münasibətlərdə keyfiyyət sıçrayışına kömək edəcək".

İraqın baş naziri isə ölkəsinin Suriyanın iqtisadi sanksiyalardan azad edilməsi üçün əlindən gələni edəcəyinə söz verib: "İraq Suriyanı tək qoymayacaq və ona təhlükəli çağırışların öhdəsindən gəlməyə kömək edəcək. Suriya bölgədə layiqli yer tutmalıdır. Bundan bütün xalqlar faydalanacaq".

Məlumata görə, danışıqlar zamanı tərəflər bütün regional və beynəlxalq problemlər barədə yüksək səviyyəli siyasi koordinasiyanın zəruriliyini vurğulayıblar. Tərəflər ticarətin genişləndirilməsi və iqtisadi inteqrasiyanın təşviqi üzrə tədbirlər haqqında razılıq əldə ediblər.