"Ukrayna prezidenti Volodimir zelenskini və onun nümayəndə heyətini bir daha salamlamaq istərdim. İki illik müharibədə həyatını itirən Ukrayna vətəndaşlarına da başsağlığı verirəm. Bugünkü görüşlərimizdə müharibə ilə bağlı yenilikləri ətraflı müzakirə etdik".

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında deyib.

"Mən strateji tərəfdaşımız Ukraynanın ərazi bütövlüyünü və müstəqilliyini vurğuladım. Müharibənin regional və qlobal təsirləri artır. Sülhün bərqərar olması üçün 2022-ci ilin martında İstanbulda formalaşdırdığımız danışıqlar masasından kənar heç bir diplomatik addım atıla bilməz.

Biz Rusiyanın da daxil olacağı sülh sammitinə ev sahibliyi etməyə hazırıq. Qara dəniz təşəbbüsü qlobal ərzaq böhranının qarşısını aldı. Həmin razılaşma yenə də bu zalda bağlandı. Biz yeni razılaşmanın əldə olunması üçün əvvəlki kimi əlimizdən gələn dəstəyi verməyə hazırıq", - Ərdoğan deyib.